
Susqun futbolumuza enerji gətirən Samir Abasovu buna görə qorumalıyıq
Samir Abasovun emosiyası və Azərbaycan futbolunda “yanan məşqçi” obrazı.
Hər şey dəyişir, inkişaf edir, texnologiya sürətlə inanılmazları özündə əks etdirir, robotlar insan funksiyalarını, insanlar isə robot funksiyalarını sanki mənimsəyir.
Monoton dövrə artıq bir neçə ildir qədəm qoymuşuq. “Susmaq qızıldır” prinsipi çox möhtəşəmdir. Amma sistemli şəkildə lal, kar, kor olmaq sadəcə üzərimizə gələn sunamini görməzdən gəlmək kimidir. Adam da “ağzı bağlı” gəzər?
Biri var az danış, biri də var, “sus… səsin çıxmasın”…
AFFA İntizam Komitəsinin son qərarı “Neftçi”nin baş məşqçisi Samir Abasovun yenidən futbol gündəminin mərkəzinə düşməsinə səbəb oldu. “Qarabağ”la XI turun oyunu özü də 0:2 hesabı ilə məğlubiyyət artıq kifayət qədər gərgin idi. Matçın ardından hakimin ünvanına deyilən sözlər isə məşqçiyə dörd oyunluq cəza, kluba isə 10 000 manatlıq cərimə qazandırdı.
Fakt budur və qərar dəyişmir. Qərarı müzakirə etmirik, qanundur! Amma burada başqa bir tərəf də var. Futbolun insanı içindən alıb aparan təbiəti.
Samir Abasov Azərbaycan futbolunda emosiyanın simalarından biridir. O, matç boyu sakit oturan, soyuqqanlı vəziyyət idarə edən məşqçi modelinə heç vaxt uyğun olmayıb. Onu sevən də, tənqid edən də yaxşı bilir. Abasov oyunu yox, oyunun içindəki hər epizodu yaşayır. Standart vəziyyətlərdə belə onun reaksiyası təkcə texniki zonadan verilən bir göstəriş deyil, adətən komandasına ötürdüyü impuls hesab olunur: “Mübarizə edin. Geri çəkilməyin. Sonadək oynayın.” Abasov iki məşqçidən biridir ki, media onun fikirlərini paylaşanda hər kəs oxuyur, dinləyir, baxır.
Bəzən bu emosional yük sərt ifadələrə çevrilir. Nəticədə xəbərin mövzusu olan kimi cəzalar ortaya çıxır. Amma bir həqiqəti də unutmamaq lazımdır: Azərbaycan futbolunda belə yanğı ilə işləyən məşqçilər çox deyil. Bu adam nə işinə laqeyddir, nə də məğlubiyyətə “baxarıq keçər” yanaşması ilə baxır. O, uduzmanın ağrısını futbolçunun və azarkeşin yerinə ikiqat yaşayır.
Samir Abasovun xarakterində həm də prinsipiallıq var. Futbolda bəzən riskli xətt kimi təqdim edilən bu prinsipiallıq onun ən böyük üstünlüyüdür. Məhz bu xüsusiyyətinə görə futbolçular ondan qorxmur. Əksinə, daha çox hörmət edirlər. Çünki bilirlər ki, Abasovun reaksiyası şəxsən kiməsə yox, futbola olan tələbkarlığına hesablanıb.
AFFA-nın qərarı öz yerindədir, qayda qanun hamımız üçündür. Amma bu cəza əslində yenidən eyni həqiqəti göstərdi. “Neftçi”nin baş məşqçisi meydanda təkcə emosiyadan ibarət deyil. O, bu emosiyanı komandasına dinamika verən mühərrik kimi istifadə edir. Futbolun ruhunu sevənlər üçün bu, bəzən nəticənin özündən də vacibdir.
Bəlkə də buna görə Azərbaycan futbolunda Samir Abasov kimi məşqçilər həmişə müzakirə olunur, amma heç vaxt laqeyd qoymur. Çünki o, sadəcə məşqçi deyil. Oyunla yaşayan, oyunu yaşayaraq sevdirən adamlardandır.
Futbol tək 105×68 deyil axı…
Samir Abasov olmasa, Azərbaycan futbolunun onsuz da var/yox arasında qalan prinsipi daha da çökər. Düzdür, “Neftçi”nin adı bəsdir, amma rəng çalarları da vacibdir!
Bu yerdə Ağa yaxşı deyir.
Bir çox Azərbaycan məşqçilərinin açıqlamaları:
“Oyuna ciddi hazırlaşmışdıq.”
“Oyunun çətin keçəcəyini bilirdik.”
“İki fərqli hissə izlədik.”
Eyni sözlər qulağımızda "exo" verir, artıq...
Bir növ, buna görə Abasovu qorumaq lazımdır, yoxsa eyni konfranslar izləməyə məcbur olacağıq...
Ağa Dadaşzadə
Forvard.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









