
Futbol / Köşə / Manşet / Gündəm
10.10.2024, 23:55
İnan mənə, Santuş, hər yaşın öz gözəlliyi var... Ağa Dadaşzadə qeydləri
Üzündəki cizgilərinin, saçındakı bəyazlarının, inan mənə, dostum, öz yaraşığı var!
10 oktyabr, 2024-cü il. Bu gün Tallində Avropa futbolunun tanınan simasının ad günüdür.
Əyninə milli komandanın formasını geyinib, səfər çərçivəsində Azərbaycan təyyarəsi ilə havaya qalxıb, ancaq qalxdığı məsafə qədər çiyinlərində məsuliyyət olan Fernandu Santuşun 70 yaşı tamam olur.
Əslində, Santuş milliyə baş məşqçi təyin olunanda yaşı ilə bağlı ümidsizliyimiz, inamsızlığımız var idi. Ancaq görürsən ki, ömür o qədər sürətlə gedir ki, heç təyyarə o sürətə çata bilməz. 70 yaşlı Santuş hazırda ölkəmizdə ən titullu məşqçi və futbol adamdır, yəqin oyun bitənə qədər bu titul Estoniya üçün də keçərlidir, qonaq olanda nə olar? Kişinin dağdan ağır zəhməti var futbolda.
Santuşun səmimiyyətinə heç bir şübhəm yoxdur, kişi dili ilə söylədi ki, ad günümə hədiyyə verin, ancaq qələbə hədiyyəsi. Azərbaycandan o boyda yolu 3 xal üçün gəlmişik, həm də ad günü. Allah bilir, növbəti ad günündə rəqib kim olacaq. Tərslikdən də oktyabr ayında milli komandaların beynəlxalq oyunları olur.
İnsafla danışaq, Allah hədiyyənin birini verib də, yaxşı ki, rəqib İsveç deyil, yoxsa hədiyyə işi fəna olardı.
İmkan düşmüşkən, 11 nəfər cavan oğlan 90 dəqiqə meydanda can qoyub sizə də, bizə də hədiyyə versin.
Özü də tələb edirik!
Belə şans ildə 1 dəfə ələ düşər, ya düşməz. Ona görə istifadə etmək lazımdır. Xüsusən yerli oyunçulara səslənirəm, Mehdi, Anton, Bədavi, Aleksey, Ozan Can, yaxşı oynayın, sizə də böyük ümidlərimiz var.
Yaxşı yadıma düşdü, Santuş müəllim, millimizin qazandığı qələbələrin dəyəri çox böyükdür ha, sabahkı qələbə ən azı daha 2 il sizi milli komandanın kollektivi ilə ad günü keçirməyi zəmanət altına ala bilər.
Rəqib Estoniyadır, sonuncu dəfə onları məğlub etmişik, elə onların meydanında. İndi də uda bilərik, ancaq futbolçularımız ürəklə mübarizə aparsalar, əsl azərbaycanlı kimi, əsl türk kimi!
Yadımdadır, Santuş 60 yaşına az qalmış, Portuqaliya millisinə baş məşqçi təyin oldu, 2 il sonra komandanı Avropa çempionu elədi. Millimizə də 70 yaş ərəfəsində baş məşqçi təyin olundu, 2 ilə bizi reytinq cədvəlində ilk 70 komandanın sırasına salsa əla olar.
Hələ ki UEFA Millətlər Liqasının qrup mərhələsinin III turuna 2 məğlubiyyətlə daxil oluruq, inşallah, bu dəfə qələbənin sevincinə şərik olub "mübarək" deyərik.
Ümumiyyətlə, insan yaşa dolanda uduzmaq istəmir, xırda uğursuzluq belə təsir edir. Ancaq qeyd etmək lazımdır ki, insanın həyatdan doyması üçün 120-130 il lazımdır, yəni 70 çox deyil. Sabah millimizə də, sənə də uğurlar arzulayıram, hər ikinizi təbrik etmək ümidilə.
Bu arada, AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyev millimizin baş məşqçisi Fernandu Santuşa 70 illik yubileyi ilə əlaqədar Estoniya ilə oyunöncəsi məşqdən əvvəl xüsusi forma hədiyyə edib.
Sərxan müəllim bir rəhbər yox, həm də kollektivinə qarşı diqqətli, qayğısına qalan bir lider olduğunu göstərdi. Məncə, ilk təbriki Fernandu Santuşa Sərxan Hacıyev etdi .
Santuş müəllim, rəhbəriniz sizə motivasiya verdi, bundan böyük təkan?! Qələbə, qələbə, qələbə!
Rəhmətlik Səməd Səmədov demişkən.
Baxma dostum geri,
Qəmgin günlərini xatırlama!
Ağa Dadaşzadə
FORVARD.AZ
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay