
Qələbə zəfəri: “Qarabağ”ın “divar”ı hücuma qalxdı
Ötən gün Azərbaycan futbolunun qüruru olan “Qarabağ” yenidən tarix yazdı. Ağdam təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın güclü klubu üzərində möhtəşəm qələbə qazanaraq bir daha sübut etdi ki, artıq yalnız ölkə çempionu yox, Avropada hesab olunan komandalardan biridir.
Bu qələbə sadəcə bir idman nəticəsi deyil, həm də Azərbaycan azarkeşlərinin ümidlərinin, illərlə gözlədiyi uğurların təntənəsidir. Macarıstan səfərində meydanda göstərilən intizam, mübarizlik və yüksək peşəkarlıq “Qarabağ”ın futbol fəlsəfəsini bir daha nümayiş etdirdi. Qurban Qurbanovun rəhbərliyi ilə komanda sanki illərdir davam edən ənənəni möhkəmləndirdi, sona qədər döyüşmək, milli ruhu Avropada yaşatmaq.
Oyun boyu futbolçularımız hər mövqedə rəqibə təzyiq göstərdi, vacib məqamlarda soyuqqanlılıq nümayiş etdirdi. Bu dəfə iki müdafiəçinin vurduğu qollar bir daha göstərdi ki, “Qarabağ” yalnız hücumçularına güvənmir, hər xətti ilə işləyir, hər oyunçusu ilə nəticəyə təsir etməyi bacarır.
Azərbaycan azarkeşləri üçün bu nəticə təkcə idman hadisəsi yox, həm də milli qürur məsələsidir. “Qarabağ” illərdir futbol vasitəsilə bütün dünyaya Qarabağ adını tanıdır, Azərbaycanın səsini ucaldır. Macarıstanda qazanılan bu zəfər də həmin missiyanın davamıdır.
İndi “Qarabağ” bir addım da irəlidədir, qapılar Çempionlar Liqasına açılır. Bütün Azərbaycan inanır ki, bu komanda daha böyük uğurlara imza atacaq. Çünki “Qarabağ” sadəcə bir futbol klubu deyil, xalqın qürurudur. 27-si Bakıda növbəti bayramı qeyd etmək ümidi ilə.
Ağa Dadaşzadə
Forvard.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











