
Qurban Qurbanov, ehtiyatlı olun, sizi istefaya... Ağa Dadaşzadə qeydləri
"Malmö" şaxtadan üzü gilavara gəlir.
Buludlu 3 oktyabr səhərində hamı axşamı gözləyirdi.
Etiraf edək ki, "Qarabağ"a inam olsa da, son 3 məğlubiyyətdən sonra bir şübhə hissi də insanları sual məngənəsində sıxırdı. Ancaq 3 məğlubiyyətdən sonra 3 xalın havası da hiss olunurdu.
Oyun başladı, "Qarabağ" oyunda dominant olmağa çalışırdı, bunun nəticəsi kimi 15-ci dəqiqədə Juninyonun vurduğu qol 15-ci sektorda saz havası, stadionda isə alqış sədaları asimana bülənd oldu. Düzünü desək "Qarabağ" qola qədər mükəmməl oyanırdı.
Lakin, sevincimiz 5 dəqiqə çəkdi, sümüyümüz "mehmani"dən soyumamış "Malmö"lü Erik bizi 2 müdafiəçimizin arasından imkan tapıb cəzalandırdı.
Oyunun ən zəifi Medina topun gəldiyi istiqaməti görməyə macal tapmadı. Yəqin Londondakı tıxacın nəticəsi idi.
Hesab bərabərləşəndən sonra meydan bir az da qızışdı. Qarşılıqlı hücumlara şahidlik etsək də, "Qarabağ" rəqibindən üstün idi, ancaq həvəsləri yox idi ki, məntiqi sonluğa çatsınlar.
45 dəqiqənin tamamında hakim futbolçuları 15 dəqiqəlik fasiləyə yolladı. Amma "Qarabağ" fasilədən sanki bir az gec gəldi, çünki ikinci hissənin ikinci dəqiqəsində Erik yenə müdafiəçilərimizi kənara qoyub özünün və komandasının ikinci qolunu vurdu. Bir sözlə Erik "Qarabağ"ın müdafiəçilərinə "2" qiymətini verdi.
58-ci dəqiqədə aradığımız qolu tapdıq, Juninyo da onlara "2" qiymətini vermək istədi, ancaq yan xətt hakimi bayrağını göyə qaldırıb dedi: “Ofsaytan yox, qaydalar çərçivəsində qol vurun”.
Vura bilmədik...
Beləcə görüş komandamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Növbəti dəfə azarkeşlər "Gənclik" metrosu ilə pərişan evlərinə yollandı. Ancaq "Qarabağ"ın həvəssiz, laqeyd legionerləri maşınla evlərinə getdilər, amma onlar yerin altı ilə evlərinə getsəydilər, daha yaxşı məntiqli olardı, yəni metro ilə. Çünki azarkeşlər onları metroda görüb necə məyus olduqlarını özlərinə deyə bilsəydilər kaş...
Oyundan sonra laqeyd, məsuliyyətsiz legionerlər qaldı kənarda, əksəriyyət Qurban Qurbanovu hədəf seçdi. Düz 7 ay əvvəl, "Bayer"lə 2:2 hesablı heç-heçədən sonra qəhrəman elan olunan Qurbanov bu dəfə aşırı, sərt tənqidlərə məruz qaldı.
İllərdir qoyulan hörmət, bəslənən rəğbət oktyabrın üçüncü gecəsində bir anlıq yoxa çıxdı. Futboldan anlayışı olan, olmayan yüzminlərlə insan Qurban Qurbanovu nişan aldılar. "Ürəyimdən vur, Kələntər dayı" yadıma düşdü...
Ən xoşagəlməz tərəf onu istefaya səsləyənlərin sayında xeyli artımın müşahidə olunması idi. Bu sözü deməyə necə ürəyiniz gəlir?
Sanki ölkədə başqa Qurban Qurbanov var, sanki Avrokuboklarda bizi illərdir 8, sonra 10 klubluq çempionatda başqa təmsil edən bir başqa klub var...
Bu qədər asandırmı Qurbanovu istefaya səsləmək? İstefa deyənlərin bir neçəsini tanıdım, "Ludoqorets"lə oyunda tərif yağdıranlar idi.
Qurban hoca, ehtiyatlı olun, toplum qalibin yanında olur.
Ümid edirəm 24 oktyabrda, Bakıda "Ayaks"la oyunda uğurlu nəticə əldə edəcəksiniz. Əks halda Allah bilir, bu dəfə alqış yerinə, etiraz sədaları "asimana bülənd" ola bilər...
Beləcə "Malmö" Bakı payızına çox da məxsus olmayan gilavar küləyinin mehində 2:1 hesablı qələbə ilə Vikinqlər yurduna əzəmətlə geri döndülər.
Erik Botheym avtobusun yanında telefonda turnir cədvəlinə baxdı, komandasını 19-cu sırada görüb fərəh hissi ilə avtobusa mindi.
Bizimkilər heç turnir cədvəlinə baxmadılar, 3-cü sırada qərarlaşıblar axı. Lakin axırdan....
Ağa Dadaşzadə
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay