
Futbol / Gündəm
15.07.2025, 09:30
Füzuli Məmmədov: “Sabah” futbolçuları fiziki planda tam hazır deyillər”
“Sabah” avrokuboklara uğurlu başlamadı. Masazır təmsilçisi iyulun 10-da doğma divarlar arasında “Çelye”yə məğlub olmaqla mərhələ keçmək şanslarını çox çətinləşdirdi. Bəs komandan cavab matçında revanş ala biləcəkmi? Veteran futbolçu Füzuli Məmmədov “bayquşlar”ın uğur qazanmaq şansları haqqında Forvard.az –a danışdı.
“Sabah”ın yalnız Avropa Liqasındakı ilk matçına görə deyil, həm də komandada yeni baş məşqçinin və təzə transferlərin olmasına görə də maraq vardı. İlk yarıda meydan sahibləri üstün futbol oynadılar. “Bayquşlar” həm taktiki cəhətdən, həm sürətli keçidlərdə, həm də pressinq tətbiq etməklə rəqibə toparlanmağa, rahat manevrlər etməyə imkan vermirdilər. Bunun məntiqi nəticəsiydi ki, komanda iki qol vurdu. Düzdür, ilk qoldan sonra “Çelye” status-kvo”nu tez bərpa etdi. Amma “Sabah” futbolçuları bundan məyus olmayaraq irəli atıldılar və penalti sayəsində fərqi artırdılar. Birinci hissəni təmsilçimiz yaxşı keçirdi. Fasilədən sonra rəqibin təzyiq göstərəcəyi gözlənilən idi. Amma sloveniyalılar bərabərlik qolunu tez vurdular. İkinci yarıda Masazır təmsilçisində yorğunluq, təcrübəsizlik və diqqətsizlik gözə çarpdı. Söz yox ki, komandanın qol vurmaq üçün real imkanları oldu, hətta yeni transfer Zidan 100% şansı da boşa verdi. Sloveniyalılar isə masazırlıların səhvlərindən, yorğunluğundan və öz təcrübələrindən maksimum istifadə edərək son saniyəyə kimi döyüşdülər və qələbə qazandılar. İkinci yarı onu göstərdi ki, “Sabah” futbolçuları fiziki planda tam hazır deyillər. Təbii ki, avrokuboklarda ilk matçlar həmişə çətin olur. Həmçinin Valdas Dombrauskasın oynatdığı futbol da optimist olmağımıza səsləyir. Zamanla “bayquşlar” daha yaxşı performansa sahib olacaqlar. Qarşıda cavab matçı var. “Sabah”ın səfərdə işi daha çətin olacaqdır. Buna rəğmən ruhdan düşməyib, sona kimi mübarizə aparmaq lazımdır. Həmçinin təmsilçimiz Avropa Liqasında mübarizəni dayandırmasıyla avrokubok marafonu bitmir. Komanda Konfrans Liqasında mübarizəyə davam edəcək. Hesab edirəm ki, o vaxta kimi Domrauskas yetirmələrinə futbol fəlsəfəsini bir qədər də yaxşı aşılayacaq və klub Konfrans Liqasında pley-offa qədər irəliləyə bilər. “Sabah”a uğurlar arzu edirəm”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











