
Bakı Şəhər Halqası: Böyük tədbirlər, təkrarlanan eyni səhvlər
21 iyun tarixində Bakıda keçiriləcək UFC gecəsi ölkəmizdə döyüş idmanlarına maraq göstərən hər kəs üçün uzun zamandır gözlənilən və arzu olunan bir tədbirdir. Bu miqyasda beynəlxalq brendin Bakıya gəlməsi həm idman, həm də ölkə tanıtımı baxımından mühüm əhəmiyyət daşıyır. Tərəddüdsüz demək olar ki, bu hadisə Azərbaycan idman tarixində önəmli bir səhifə kimi qalacaq.
Ancaq bu möhtəşəm idman bayramının təşkilati tərəfində bəzi və mühüm çatışmazlıqlar da diqqət çəkir. Bu tənqidlər niyyət deyil, daha keyfiyyətli və peşəkar tədbirlərin keçirilməsi üçün töhfədir.
Ən vacib məqam isə bu cür tədbirlərdə ictimaiyyətlə düzgün əlaqə və medianın prosesə aktiv cəlbi böyük əhəmiyyət daşıyır. Təəssüf ki, döyüş idmanlarını illərlə işıqlandıran və bu sahəyə dəyər qatan yerli media qurumlarının bir çoxu prosesdən kənarda qalıb. Bu, ehtimal ki, təşkilatçı tərəfin diqqətsizliyindən və təcrübə çatışmazlığından irəli gəlir. Halbuki bu fürsət yerli medianı təşviq etmək, onu beynəlxalq səviyyəli tədbirlərə inteqrasiya etmək üçün əla imkandır.
Unutmaq olmaz ki, bu tədbirlərə marağın formalaşmasında yalnız döyüşçülərin yox, həm də illərlə bu sahəyə xidmət etmiş jurnalistlərin payı böyükdür. Onların əməyi sayəsində UFC brendi yerli auditoriyada tanınıb və sevilib.
Burada müsbət nümunələri xatırlamaq yerinə düşər. Məsələn, futbolda sevilməyən sima, ancaq çox güclü təşkilati istiqamətdə peşəkar olan AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun AFFA-da çalışdığı dövrdə təşkil olunan beynəlxalq futbol yarışlarında media ilə əməkdaşlıq xüsusi diqqət mərkəzində idi. Həmin tədbirlərdə yerli jurnalistlərin iştirakına maksimum şərait yaradılmış, prosesi daha inklüziv və effektiv edən yanaşmalar tətbiq olunmuşdu.
UFC tədbirində isə bu yanaşmanın müəyyən dərəcədə çatışmadığını görmək olur. Akkreditasiya prosesi və yerli tərəfdaşlarla kommunikasiya kimi vacib detallar daha planlı və şəffaf şəkildə həyata keçirilsəydi (çünki yarışa 9 gün vaxt qalıb, vəziyyət ürəkaçan deyil), bu tədbir həm təşkilati baxımdan, həm də ictimai rəy fonunda daha yüksək qiymətləndirilər.
Bu tədbirin yalnız bir şou olmadığını, həm də ölkəmizin imici, qonaqpərvərliyi və peşəkarlığı üçün bir vitrin olduğunu unutmamalıyıq. Əgər Azərbaycanda belə mötəbər yarışlar keçirilirsə, biz həm ev sahibi, həm də tərəfdaş kimi dəyər görməli, təşkilatçılarla daha səmərəli əməkdaşlıq qurmalıyıq.
Sonda bir arzunu bölüşmək olar: Ümid edirik ki, bu ilk UFC tədbiri həm təşkilatçılar, həm də yerli tərəfdaşlar üçün bir təcrübə olacaq. Gələcəkdə bu kimi beynəlxalq yarışlarda daha sıx əməkdaşlıq, daha yüksək təşkilati səviyyə və yerli medianın daha fəal iştirakı müşahidə olunacaq.
Çünki bu ev bizimdirsə, biz də onun quruluşunda söz sahibi olmalıyıq. Qonaqlarımız isə həm döyüş, həm də münasibət baxımından yüksək səviyyə görməlidir.
Ağa Dadaşzadə
Forvard.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











