
Bəziləri onu sadəcə “sakit nazir” adlandırır...
Bəzən səs-küy salmadan bir addım atmaq, qışqırmadan zirvəyə qalxmaq, alqış gözləmədən iş görmək ən böyük cəsarətdir. Hər kəsin şəkil çəkdirdiyi yerdə dayanmaq yox, fotoqrafın gəlib axtardığı nöqtədə dayanmaq – budur, görünməyən liderliyin adı. Gənclər və idman naziri Fərid Qayıbovun imzası da məhz bu səssiz gücün parlaq nümunəsidir.
O, şüarlarla deyil, nəticələrlə danışmağı seçdi. İllərdir yalnız rəqəmlərlə ölçülən idman sahəsində insan faktoru ilə dəyişiklik etdi. Çünki hər medalın arxasında bir idmançının həyatı, bir məşqçinin ümidləri, bir ailənin duaları dayanır. Fərid Qayıbov bu görünməyən təbəqəni görünən etdi.
Nazir kreslosunda əyləşib sərəncam vermək asandır. Amma o, kreslosundan qalxıb stadionlara getdi, zalların havasını uddu, gənclərin gözünə baxdı. O, idmana təkcə büdcə yox, ümid də yatırdı. Bu ümidin meyvəsi isə təkcə medal deyil – həm də tərbiyə olunmuş bir nəsil, güvənini itirməmiş gənclikdir.
O, sərhədsiz ritorikadan uzaqdır. İşinə rəng qatmağı sevmir, rəngini itirməyən işi sevir. Bəziləri onu sadəcə “sakit nazir” adlandırır. Halbuki o sakitlikdə bir yol var – heç bir səs çıxmadan dağlar yerindən tərpənə bilər. Qayıbovun idarəçiliyi bir çayın axışı kimidir: yuxarıdan sakit görünsə də, dərinlikdə həyat var, hərəkət var, istiqamət var.
Əgər bir ölkənin gəncləri idman yarışına baxmaqla kifayətlənməyib, idmanla məşğul olmağa can atırsa, əgər bir uşaq üzgüçülük hovuzunda öyrəndiyi intizamı sabah həyatına da tətbiq edirsə – deməli, bu idarəçiliyin torpağı məhsuldur. Toxumlar səssiz səpilir, amma məhsul danışar.
Fərid Qayıbov tərif üçün yox, tarix üçün işləyir. Və tarix heç vaxt tərifə ehtiyac duymur. Onu yazmaq üçün deyil, yaşatmaq üçün yaşamaq gərəkir. O, bəlkə də tək-tük danışır, amma danışdığı hər cümlədə bir dövrün səsi yatır. Ona görə də onu sevənlərə ruh, sevməyənlərə isə susmaq qalır.
Ağa Dadaşzadə
Forvard.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay