
Futbol / Gündəm
13.04.2025, 08:30
Füzuli Məmmədov barəsində yayılan məlumatlara aydınlıq gətirdi
I Liqanın XXI turunda “Qaradağ Lökbatan” doğma meydanda “Mingəçevir”i qəbul etdi. Qarşılaşma qolsuz bərabərliklə başa çatdı. Həm oyun, həm barəsində yayılan neqativ yazılar, həm də qarşıdakı planlarla bağlı “işıqçılar”ın baş məşqçisi Füzuli Məmmədovla söhbət etdik.
- Son oyunda “Qaradağ Lökbatan”la heç-heçə etdiz. Görüşlə bağlı fikirləriniz maraqlıdır...
- “Qaradağ Lökbatan”ı sonuncu pillədə olsa da, onlara autsayder gözüylə baxmırdıq. Onlar kifayət qədər təhlükəli komandadır. Bizim üçün ağır matç olacağını bilirdik. Rəqibin heyətində sürətli keçidlər edən keyfiyyətli futbolçular var, odur ki, cinahdan bizi hansı təhlükələr gözləyəcəyini bilirdik. Odur ki, cinahlardan maksimum dağıdıcı olmaq, mərkəzdən isə rəqibə təzyiqlər göstərdik ki, qapımız ağzında təhlükələr yaşamayaq. Düşünürəm ki, meydanda istədiyimiz oyunu həyata keçirdik. Qələbə qazana bilməsək də, qızıla bərabər 1 xal əldə etdik. Evə məğlubiyyətsiz qayıdırıq. Həmçinin hava şəraiti də yaxşı futbol oynamağa imkan vermirdi. Belə olduqda futbolçularım meydanda maksimum güc sərf etdilər. Buna görə də yetirmələrimə ayrıca təşəkkür edirəm.
- “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə başda olmaqla klub camiyası matçdakı hakimliyi kəskin qınadı, hətta onların lehinə 100% penaltini də vermədiklərini bəyan etdilər. Siz necə düşünürsüz, referinin meydandakı idarəçiliyi ədalətliydimi?
- Düşünürəm ki, biz məşqçilər hakimlərdən çox öz işimizə fokuslanmalıyıq. Meydanda referi var, o, hər şeyi yaxşı görür və müvafiq qərarlar verir. Həmrakım Amit müəllimin dediklərinə gəlincə, hər bir baş məşqçinin futbol, oyun ilə bağlı şəxsi düşüncələri olduğu kimi onun da özəl fikirləri var və buna hörmətlə yanaşıram.
- 3 turdur qələbə qazanmırsız, bu nə ilə bağlıdır?
- Son 3 oyuna 1 məğlubiyyət, 2 heç-heçə etmişik. Əlbəttə ki, məqsədimiz meydana məğlub olmaq və 1 xal qoparmaq deyil. Zatən oyun planında da biz turda-tura artırırıq, yəni heç bir oyunda əlimizi-qolumuzu aşağı salmır, son saniyəyə kimi mübarizə aparırıq. Bilirik ki, azarkeşlərimiz bizdən qələbə istəyir, onların arzularını həyata keçirmək qarşıdakı turlarda qələbələr qazanmaq üçün daha istəkli olacağıq.
- Çempionatın sonuna 5 tur qalsa da, hələki təhlükəli mövqedəsiz və I Liqada qalmağınızı təmin etməmisiz. Bu futbolçular üzərində psixoloji təzyiq yaratmır?
- Razıyam ki, hazırkı mövqeyimiz risklidir. Əlbəttə ki, üzərimizdə təzyiq var, amma qorxmuruq və hər oyuna qələbə əzmi ilə çıxırıq. Xüsusilə də, doğma divarlar arasında oynayanda futbolçularım qələbə qazanamaq naminə çarpışırlar. Son 5 tur bizim üçün çox çətin keçəcək, həm yaxın izləyicilərimiz, üst pillələrdə olan komandalara qarşı oynayacağıq. Hər görüşə final matçı kimi yanaşacaq və maksimum nəticəyə köklənəcəyik.
- Bəzi saytlarda barənizdə menecerlik fəaliyyətinə başlamanızla bağlı yazılar dərc olunur. Qeyd olunanlarda həqiqət payı varmı yoxsa sizə qarşı məqsədli qarayaxmalarmı həyata keçirilir?
- Vallah, məni hamı baş məşqçi kimi tanıyır. İşimdə də son dərəcə peşəkar, tələbkaram. Menecerlik fəaliyyətiylə məşğul olsaydım, hamıya bəlli olardı. Mənim işim yaşıl meydanlardadır. Odur ki, barəmdə yazılanlar boş, əsası olmayan söhbətlərdir.
- Həmçinin barənizdə məlumatlar yayılır ki, klub rəhbərliyinin ümidlərini doğrultmamızı, nəticələr ürəkaçan deyil və sizinlə yayda müqaviləyə xitam veriləcək. Bu barədə nə deyərdiz?
- Nəticələrimizin pis olduğunu düşünmürəm. Yuxarıda qeyd etdiyim kimi biz hər oyuna qələbə əzmi ilə çıxırıq. Çempionatın II yarısına nəzər yetirsəz, cəmi 2 görüşdə məğlub olmuşuq, ümumilikdə isə 16 xal toplamışıq. Həmçinin heyətimizdə gənc oyunçular çoxdur, onları inkişaf etdirmək və Azərbaycan futboluna yaxşı futbolçular qazandırmaq niyyətindəyik. Xülasə, rəhbərlik yanımızdadır, fəaliyyətimizi izləyir, müntəzəm də görüşürük. Nə mənim fəaliyyətim, nə də nəticələrimizlə bağlı narazılıq yoxdur və mövsümün sonunda komandadan ayrılmağımla bağlı yazılanlar da həqiqəti əks etdirmir.
- Gələn mövsümün planlarını cızmısızmı?
- Bu məsələylə bağlı klub rəhbərliyi ilə danışıqlarımız olub. Məqsədimiz daha da inkişaf etməkdir. Odur ki, növbəti il daha iddialı “Mingəçevir” olmağa çalışacağıq.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay