
"Turan Tovuz"da daxili problemlər meydana sirayət etdi: "qohumbazlıq" prinsipi start götürüb?
Dünən Premyer Liqanın autsayderi "Səbail"lə qarşılaşan "Turan Tovuz" matçı heç-heçə ilə bitirib. Hətta paytaxt klubun dağılma təhlükəsi ilə üz-üzə qaldığı, bölgə təmsilçisinin isə avrokubokları hədəflədiyini nəzərə alsaq, tovuzluların göstərdiyi nəticə tam bir fiaskodur.
Hələ bu azmış kimi klubun yarımmüdafiəçisi Veysəl Rzayev əsəblərini cilovlaya bilməyib tribunaya hücum çəkib. Başadüşüləndir, iddiası böyük olan komandanın ən zəif qarşısında bərabərliyi, üstəlik, futbolçunun təhqir olunması vəziyyətin bu həddə gəlməsinə rəvac verib. Rzayev buna görə üzr istəsə də, belə hallara görə adətən futbolçular qınanır.
Keçək əsəbin mənbəyinə. Bir neçə gündür, klub rəhbərliyini təmsil edən şəxslər arasında gərginliyin olduğu deyilir. "Turan Tovuz"un qışda edilən transferlərə narazılığını bildirən klubun funksioneri Səməd Nəsibovun etirazı onun "qələminin qırılmasına" gətirib çıxarıb.
Belə ki, bölgə təmsilçisinin rəhbəri Ehtiram Quliyev isə artıq onu göndərməyə, postunu dəyişməyə, yaxud da Azərbaycanın qohumbazlıq ənənələrinə uyğun olaraq yerinə yaxınlarından kimisə gətirməyə hazırlaşır.
Onu Nəsimi Paşayevin əvəz edəcəyi ehtimal olunur.
Hər halda "hünərimiz var" deyib klubun 20 min manat cərimənməsinə səbəb olan rəhbərlik nümayəndəsi kimdirsə, qaş düzəldən yerdə vurub göz çıxarıb. Bu isə ya "iş varsa, problem var" prinsipi ilə bağışlanır, ya da daxildə olan problemlər tarlasına toxum səpir.
"Turan Tovuz"un son oyunlarda qələbə qazana bilməməsi, nələrinsə düz getmədiyi ortaya qoyur. Bölgə təmsilçisi işləri yoluna qoymağa güc verməlidir, nəinki mətbuata çıxan klubdaxili çəkişmələrə, yaxud meydançada futbolçusunun azarkeşlərə tərəf şığımağa rəvac verən "strategiya"ya...
Ağa Dadaşzadə
Forvard.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay