
Rəşad Sadıqov möcüzə gözləyir: həm tezdir, həm də xam xəyal...
Son günlər Azərbaycan millisinin sükanı arxasına keçməsi arzulanan mütəxəssislərdən biri də Rəşad Sadıqovdur. Onun özü də belə bir diləyinin olduğunu etiraf edib. Əlbəttə ki, bütün məşqçilər bu istəkdə və iddiada ola bilərlər. Millinin başına keçmək özü karyerada bir növ uğur sayılır. Nəticələrin olmasa belə. Çünki artıq azarkeşlər millinin məğlubiyyətinə alışıblar.
İndi baxaq görək, "Zirə"nin baş məşqçisi bu postda özünü nə qədər sübut edə bilib ki, onun Azərbaycan yığma komandasının sükanı arxasına keçməsini hamılıqla istəyək.
İşlədiyi klubda püxtələşməyə başlayan Sadıqov üçün çempionatda özü demişkən rəqabət indi-indi qızışır. Premyer Liqada klubların sayının artacağı barədə qərar isə onu heç sevindirməyib. Məhz bu mövzudan danışarkən mütəxəssis deyir ki, "Zirə" keçən il o rəqabətli çempionatdan çıxmasaydı, avrokubokda mübarizə apara bilməzdilər.
Hazırda Premyer Liqanın turnir cədvəlində 2-ci yerdə qərarlaşan klub üçün sayca az rəqiblə qarşılaşmaq, əlbəttə ki, arzuolunandır. Yeni klublar əlavə güc, əziyyət və s. tələb edir.
Baxaq görək, "Zirə" Avropa yarışlarında nə qədər uğura imza atıb. "Şerif"i rəqib meydanda məğlub edib, lakin doğma məkanda uduzub. Həmçinin "Omonyak"a səfərdə böyük hesabla məğlub olub.
Yada salaq ki, Azərbaycan çempionatından təsnifat mərhələlərə gedən klublar arasında tamamilə yoxa çıxanlar, yaxud Birinci Liqaya düşənlər olub. Yəni oralarda "bismillah" deməmiş mübarizəni dayandırmaq sadəcə gücünü sınamaqdan ibarətdir.
"Qarabağ"ın davamlı olaraq Avropa yarışlarında iştirakı, həmçinin uğurları artıq Azərbaycan azarkeşini həm də pis öyrədib. Artıq yerli çempionatda müqavimətlə üzləşməyə başlayan hoca Qurban Qurbanovun komandası gələcəklə bağlı neqativ mesajlar verir. Gələn dəfələrdə hətta "atlılar" belə Avropa yarışlarından kənarda qala bilər.
Beləliklə, AFFA-nın yerli mütəxəssisləri komandanın başına gətirməmək kimi ənənəsinin olduğunu da nəzərə alsaq, Rəşad Sadıqovun arzusu elə arzu olaraq qalacaq. Dəfələrlə müxtəlif eksperlərin yerli baş məşqçiyə ehtiyacın olması barədə çıxışlarını da buraya əlavə etsək, bu istəyin gerçəkləşməsi üçün möcüzə gözləmək lazımdır. Ya da Rəşad Sadıqovun xam xəyala qapılmasıdır...
Ağa Dadaşzadə
Forvard.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay