
Futbol / Gündəm
23.03.2025, 06:40
Aslan Kərimov yığmamız üçün Gürcüstan seçməsinin taktikasını nümunə çəkdi
Dünən futbol üzrə yığmamız Sumqayıtın Mehdi Hüseynzadə adına arenasında Haitini qarşılaşdı. Görüş Şimali Amerika təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatdı. Oyunla bağlı veteran futbolçu Aslan Kərimov Forvard.az – a 90 dəqiqəylə bağlı fikirlərini açıqladı.
“İki fərqli hissə izlədik. İlk yarıda daha yaxşı görsəndik. İki real qol imkanımız oldu. Fürsətlərdən yararlana bilsəydik fasiləyə üstün, ən pis halda heç-heçə ilə yollanmaq olardı. Orta sahədə oyunçularımız zəif çıxış etdilər, keçidlərimiz ürəkaçan deyildi. Forvardlarımız önə açılsalar da, onlar yetəri qədər dəstək ala bilmədilər. Komanda olaraq sürətli keçidlərimiz və son nöqtəni qoymaq alınmadı. Rəqib də fiziki baxımdan üstün idilər. Onlar ikili mübarizələrdə, əsas da müdafiədə çox yaxşı çıxış etdilər. Haitililəri zəif hesab etmək olmaz. Onların futbolçuları daha yaxşı çempionatlarda çıxış edir, həm də sərgilədikləri oyuna baxanda görünür ki, bu komanda təziqli qarşılaşmalar çox keçirib və formalaşıblar. Fasilədən sonra seçməmiz hücuma atıldıqdan sonra müdafiəyə qayıtmaqda çətinlik çəkdik, həmçinin futbolçularımızda yorğunluq da görsəndi. Müdafiədəki boşluqlardan və fərdi səhvlərdən daha iki qol buraxdıq. Mənə görə millimiz daha yaxşı oynaya bilərdi, amma alınmadı. Yoldaşlıq görüşlərinin əsas məqsədi futbolçuların funksional hazırlığını artırmaq, komandaya cəlb olunan yeni oyunçuların bacarıqlarından agah olmaq, onları yığma atmosferinə hazırlamaq və görüşlərdən sonra buraxılan səhvlər görməkdir. Hesab edirəm ki, millimizin məşqçilər heyəti çatışmazlıqlar, nöqsanlarla bağlı analizlər aparacaqlar və Belarusla matçda daha yaxşı mübarizə aparacaqlar. Etiraf etməliyik ki, bu gün Azərbaycan seçməsi əksər oyunlarda dominant futbol sərgiləmək iqtidarında deyil. Ona görə də daha çox komanda şəklində sıx müdafiə olunmaq və sürətli əks hücüm, keçidlərlə uğur qazanmağa bel bağlamalıyıq. Amma görünən odur ki, qeyd etdiyim nüanslarda hələlik axsaqlığımız var. Gəlin, sonuncu Ermənistan – Gürcüstan oyununu götürək. Bədnam qonşularımız dominant, kreativ futbol sərgiləsə də, gürcülər sürətli keçidləriylə onları məğlub etdilər. Zatən Gürcüstan seçməsi son Dünya Çempionatında istər vəsiqə qazanmaqda, istərsə də mundialda uğurlu çıxış etmələrinin səbəbləri orta sahədə yaradıcı, texnikalı oyunçuları və sürətli keçidləri sayəsində baş verdi. Qonşumuz bu gün də həmin taktikaya sadiqdir. Odur ki, bizdə yarımmüdafiə xətdində ağırlığımızı qoymalı, sürətli vingerlərə sahib olmalı və əks hücümlarda vaxt itkisinə yol verməməli, irəlidəki oyunçular tez bir zamanda topla təmin etməliyik. Pessimizmə qapılmayaq və yığmamıza Belarusla oyunda uğurlar arzulayaq”.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay