
Futbol / Gündəm
14.02.2025, 01:17
Yunis Yunisli "Gənclərə özünü doğrultmaq üçün şans verilsə..."
Hazırda Azərbaycan futbolunda əsas gündəm gələn mövsümdə legioner limitinin götürülməsiylə bağlıdır. Belə ki, futbol ictimaiyyəti AFFA İcraiyyə Komitəsinin qərarını birmənalı qarşılamayıb. Bu yeniliyinin futbolumuza zərər verəcəyini düşünənlər də var, əksini vurğulayanlar da. Bəs limitin aradan qaldırılması aşağı liqalara təsiri necə olacaq? Forvard.az olaraq bu məsələylə bağlı gənc menecer Yunis Yunisli ilə söhbət etdik.
- Hazırda I Liqada yerli futbolçulara tələbat haqqında fikirlərin maraqlıdır...
- I Liqa təmsilçilərinin büdcəsi elə də çox deyil. Aşağı liqa üçün “3+2” limitini də nəzərə alsaq, imkanı yaxşı olan klublar 4-5 legioner alır, onun üçünü start da oynadır, ikisini isə ehtiyatda saxlayır. Amma ortabab komandalar 2-3 əcnəbiyə ehtiyac duyur. Ümumi götürəndə isə bütün klublar əsasən yerli oyunçuların transferində maraqlıdır. Yay transfer pəncərəsində futbolçu tapmaq asan olduğu halda, qış fasiləsində seleksiyada çətinliklər olur. Çünki, adətən futbolçular komandaları ilə bir illik müqavilə bağlayır. I Liqa təmsilçiləri qış fasiləsində bütün mövqelərdə, əsas da hücum və müdafiə xəttinə oyunçu tapmaqda əziyyət çəkir. Çoxları deyir ki, yerli keyfiyyətli futbolçu tapmaq çətindir. Amma mən bu fikirlə razı deyiləm. Çünki, elita təmsilçilərinin əvəzedici komandaları, əvəzedicilərin isə ayrıca çempionatı var. Əvəzedici komandalardakı gənc oyunçuları yetəri qədər şans verilsə, yerli futbolçu qıtlığımız olmaz. Mən, menecerliyə futbolun içindən gəlmişəm. Vaxtilə mən də futbol oynamış, zədə aldıqdan sonra karyeramı erkən sonlandırmışam. Sözüm odur ki, gənc oyunçuların nələrdən keçdiyini, hansı ümidlərlə yaşadığını yaxşı bilirəm. Odur ki, gənclərə özünü doğrultmaq üçün şans verilsə, həm futbolçu qıtlığımız olmaz, həm də ölkə futbolumuz inkişaf edər.
- Hazırda menecerliyini etdiyin futbolçular hansı komandalarda çıxış edir?
- Meneceri olduğum futbolçular həm Premyer Liqada, həm də I Liqada çıxış edirlər. “Turan Tovuz”da Faiz Hacıyev ilə Xəyal Nəcəfovu, “Qaradağ Lökbatan”da Bahadur Həziyevi ilə Hidayət Süleymanlı, “Karvan” da Kamran İbrahimovun, “Cəbrayıl”da gənc qolkiper Ümid Cəfərovun meneceriyəm.
- Ancaq yerlilərlə işləyirsən?
- Xeyr, əcnəbi futbolçuların da menecerliyini edirəm. Elə yenicə “Qaradağ Lökbatan”a keçən iranlı Naeijvanouş Hakhanameşin də meneceriyəm.
- Səncə, AFFA-ın legioner limitinin aradan qaldırması ölkə futboluna necə təsir edəcək?
- Futbolun dərinliyini bilməyən şəxslər AFFA-ın legioner limitiylə bağlı yeni qərarını anlamaq istəmir və bunu ölkə futbolu üçün böyük zərbə hesab edirlər. Futbolun içində olan biri kimi deyim ki, legioner limitinin ləğvi Azərbaycan futboluna xeyir verəcək. AFFA ölkə futbolundakı liqaların səviyyəsini yüksəltmək və futbolçuların performansına görə balanslaşdırma məqsədi güdür. Yəni, performansı yüksək olan azərbaycanlı futbolçular elitada oynayacaq, onlardan bir baş aşağı oyunçular I Liqaya üz tutacaq. I Liqada özünü doğrulda bilməyənlər isə II və daha aşağı Liqaya gedəcəklər. Premyer Liqada yüksək səviyyəli futbolçularımız yer alacağından onların xidmətində xarici klublar da maraqlanacaq. Həmçinin potensialı olan gəncləri də üzə çıxarmaq üçün menecerlərimiz I Liqaya boylanacaqlar. Qısası I Liqa yalnız aşağı dəstə olmayacaq, həm də elitaya futbolçu qazandıracaq.
- Premyer Liqada limitin aradan qaldırılması ilə gənc futbolçularımızın legioner həyatına üz tutmasına və menecerlərimizin xarici bazarda daha da aktiv olmasına gətirəcəkmi?
- Premyer Liqamızda legioner limitin olmaması öz effektini ən azı 1-2 il sonra göstərəcək. Məhz bundan sonra yerli futbolçularımız xaricə üz tutmağa daha çox maraq göstərəcək. Bu hal təbii ki, bizim də fəallığımıza səbəb olacaq.
- II Liqada da gələn mövsümə yerli gənc futbolçulara tələbat artacaqmı?
- II Liqa klublarının büdcəsinə baxanda və legioner legionerlərin çıxışına icazə verilmədiyinə görə təcrübəli, gənc və yeniyetmə oyunçulara ehtiyac duyurlar. Bir tərəfdən baxanda bu yaxşı vəhdətdir. Çünki gənclər həmişə yaşıl meydanda saçını ağardanlardan bəhrələnməlidirlər. Gələn mövsüm II Liqanın hansı formatda olacağını, yarımpeşəkarlıqdan peşəkar statusa keçid edəcəyini bilmirik. Ona görə konkret nəsə demək çətindir
Buna rəğmən düşünürəm ki, II Liqada gənclərin çoxluq təşkil etsə yaxşı olar.
- III Liqanın da yaradılması gündəmdədir. Səncə buna ehtiyac varmı?
- Liqaların sayı nə qədər çox olsa, həm futbolçu seçimi bol olar, həm də Azərbaycan futbolu çiçəklənər. Amma liqaların artımında keyfiyyət amili əsas götürülməlidir. Müasir futbolun standartlarına heç olmasa minimum səviyyədə tələbələrə cavab verən baza-infrsatrukdur olmalıdır. Həmçinin liqalarımızın artması həm daxili, həm də xarici bazara da təsir etmək gücünə malik olmalıdır. Məsələn, hazırda aşağı liqalarımızda çıxış edən futbolçuların oyun, qol, assist və meydanda neçə dəqiqə olması transfermarket də göstərilmir. Bu da təbii ki, futbolçunun transfer reklamına təsirsiz ötüşmür. Ona görə də yuxarıda qeyd etdim ki, artım keyfiyyətə və peşəkarlıq dərəcəsinə əsaslanmalıdır.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay