
Əli Səmədov: “Rəqib yaxşı qapandı”
Azərbaycan Premyer Liqasının 20-ci turunda “Səbail” doğma divarlar arasında “Kəpəz”i qəbul etdi. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatdı. Gəncə təmsilçisinin üzvü Əli Səmədov oyunla bağlı Forvard.az – a müsahibə verdi.
- “Turan Tovuz” üzərində möhtəşəm qələbədən sonra “Səbail”ə məğlub olduz. Rəqibdən xal götürə bilməməyinizin səbəbi nədir?
- Çempionatın ikinci yarısında elitada qalmaq uğrunda əsas rəqiblərimizdən biri “Səbail”dir. Onlarla qarşıdurmalara 6 xallı oyun kimi yanaşırdıq. Oyuna ciddi hazırlaşmışdıq. İlk dəqiqələrdən rəqibin ciddi təzyiqinə məruz qaldıq və onlar erkən qol vurdu. Amma hesabın açılmasından sonra biz meydanda daha yaxşı mübarizə apardıq, çoxsaylı hücumlar təşkil etdik. Sadəcə əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Meydan sahibləri də yaxşı qapandı. Qısası, rəqib əlinə düşən qol imkanını qaçırmadı, biz isə ələ keçirdiyimiz fürsətlərdə son nöqtəni qoya bilmədik.
- Ötən turdakı oyundakı qələbədən sonra komandada arxayınlaşma olmamışdı?
- Qətiyyən arxayınlaşmamışdıq. Əksinə iki qat motivasiya ilə oynayırdıq. Sadəcə bəxtsizlikdən, şansızlıqdan və rəqibin yaxşı qapanmasına görə qollar vura bilmədik.
- Matçın gedişində “Kəpəz”in ehtiyat oyunçular skamyasında hakimə qarşı etirazlar olurdu. Səncə, referinin idarəçiliyi oyuna təsir etdimi?
- Xeyr, belə düşünmürəm. Məncə, Əliyar Ağayev matçı normal idarə etdi.
- Yeni transferlər komandaya uyğunlaşıbmı?
- Gürcü futbolçumuz Ardazişvili demək olar adaptasiya olub. Amma digər futbolçular hələki komandaya uyğunlaşmayıb. Amma zamanla onların da kollektivimizlə vəhdət təşkil edəcəklərinə inanıram.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay