
Futbol / Gündəm
23.12.2024, 14:49
Vadim Abdullayev: "İstəyim odur ki, "Araz-Naxçıvan"la çempion olum"
Dünən "Qarabağ" - "Araz-Naxçıvan" oyunu ilə Premyer Liqanın ilk yarısı başa çatdı. Həmin görüşdə Ağdam təmsilçisi rəqibini 2:0 hesabıyla məğlub etdi. Matçdan sonra qonaqların futbolçusu Vadim Abdullayev Forvard.az - a danışdı.
- "Qarabağ"la oyunda yaxşı döyüşsəz də, məğlub olduz. Ən azı 1 xal götürmək üçün nə çatmadı?
- Meydanda yaxşı mübarizə getdi. Sadəcə hesabda geridə olduqdan sonra "Qarabağ" kimi komandaya qarşı açıq futbol oynamaq və hesabı dəyişmək çətindir. Çünki, hesabda geridə olarkən irəli atılırsan və nəticədə müəyyən boşluqlar yaranır, Ağdam təmsilçisi də belə boşluqlardan maksimum istifadə edir. Təbii ki, qolumuz da hesaba alınmadı, bu da müəyyən qədər bizə təsir etdi. İstənilən halda yaxşı döyüşdük.
- Ardıcıl iki oyunda məğlub olursuz, problem nədir?
- Son iki qarşılaşmada məğlub olsaq da, hər iki matça nəzər yetirsəz görərsiz ki, oyun planında heç də rəqiblərimizə uduzmamışıq, hətta "Sabah"la görüşdə meydanda ən yaxşı biz idik. Sadəcə bəxtimiz gətirmədi.
- Qış fasiləsinə vitse-çempion kimi yollanırsız. Səncə, komanda olaraq fərqli nəticə göstərmək olardımı?
- Bir futbolçu kimi həmişə məqsədim daha yuxarı zirvələrdə qərarlaşmaq olub. İstəyim odur ki, "Araz-Naxçıvan"la çempion olum. Amma reallığa baxsaq, görərik ki, bu gün bizdən həm heyət, həm maliyə, həm də infrastruktur olaraq güclü komandalar var. Onları üstələyərək güclülər dəstəsinin ilk pərdəsini 2-ci olaraq tamamlamışıqsa, bu da uğur və tarixdi. Təbii ki, qarşıda çempionatın ikinci pərdəsi var. Qışdan sonra Premyer Liqada gərginlik artacaq.
Bizi oldu ağır sınaq gözləyir.
- Toplanış barədə nə deyərdin?
- Hələlik istirahətə yollanırıq. Qarşıdakı günlərdə bir qədər futboldan uzaqlaşaraq ailəmizlə, doğmalarımızla daha yaxşı gün keçirmək lazımdır. Sonra toplanışa start verəcəyik. Çalışacağıq ki, qış fasiləsində çempionatın ikinci yarısına yaxşı hazırlaşaq.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay