
Futbol / Gündəm
7.12.2024, 23:43
Fərid Namazov: “Kubokda da yaxşı çıxış etmək istəyirdik”
Bu həftə ölkə kubokunda 1/8 final mərhələsinin oyunları baş tutdu. Premyer Liqa təmsilçiləri aşağı liqa klubları üzərində rahat qələbə qazandı. I Liqa komandalarında əsas diqqət cəlb edən "İmişli" oldu. Bölgə klubunu "Kəpəz" çətinliklə məğlub etdi. Görüşün taleyini həll edən bir qolu gəncəlilər penaltidən vurdu. Qarşılaşmayla bağlı I Liqa təmsilçisinin baş məşqçisi Fərid Namazov Forvard.az-a danışdı:
"Kəpəz"lə oyuna yaxşı hazırlaşmışdıq. Əsas məqsədimiz çempionatda 1-ci yeri tutmaq olsa da, kubokda da yaxşı çıxış etmək istəyirdik. Matça gəlincə, deməzdim ki, gəncəlilərlə 90 dəqiqə dominant futbol sərgilədi. Həmçinin komandalar arasında çempionat fərqi də o qədər hiss olunmadı. Görüşlə bağlı məqsədimiz müdafiədə maksimum boşluq verməyib, rəqibi əks hücumlarda tutmaq idi. İlk yarıda "Kəpəz" hücum etdi, biz müdafiə olunduq. Fasiləyə kimi rəqibin qol vurmasına imkan vermədik. İkinci yarıda isə rəqibi tez-tez əks hücumlarda da tutsaq da, qapıya zərbələrdə hədəfə düşə bilmədik. İkinci hissədə deyərdim ki, başabaş futbol oynadıq. Sadəcə penaltiylə məyus olduq. 11 metrə haqqında nəsə demək istəmirəm. Amma referi qapımıza penalti təyin etməsəydi, oyunu əlavə vaxta, bəlkə də penaltilər lotoreyasına daşıya bilərdik. Məğlub olsaq da, yaxşı təcrübə oldu. Futbolçularımın praktikası üçün belə oyunlar tez-tez olsa yaxşıdır. Rəqibi təbrik edirəm. Çempionatdakı mübarizəmizə fokuslanacağıq".
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay