
Abbas Hüseynov: “Həmin oyunda son nöqtəni qoya bilmədik”
“Qarabağ” doğma divarlar arasında “Lion”a böyük hesabla məğlubiyyətdən sonra arıdıcıl iki oyundu qələbə qazanır. Ağdamlılar əvvəlcə çempionatda səfərdə “Neftçi”ni darmadağın etdilər, ardınca isə ölkə kubokunda “Qəbələ”dən üstün oldular. “Süvarilər”in müdafiəçisi Abbas Hüseynov son üç oyunla bağlı Forvard.az – a danışdı.
-“Lion”a böyükhesablı məğlubiyyətdən sonra komanda toparlanıbmı?
-Fransa təmsilçisinin gücü hamıya bəlli idi. Buna rəğmən rəqibə qarşı çox yaxşı oyun keçirdik, kreativ futbol sərgilədik. Düşünürəm ki, bir qədər də bəxtimiz gətirmədi. Əlimizə düşən fürsətlərdə son nöqtəni qoya bilmədik. Bir dəfə dirək, bir dəfə də tirdən top qayıtdı. Həmin zərbələri qolla tamamlasaydık, nəticənin fərqli olacaqdı. Biz peşəkar komandayıq, ona görə də məğlubiyyətlərdən yıxılmamalıyıq. Əksinə, möhkəmlənməli və qələbələr sıralamaq üçün əzmlə çalışmalıyıq.
-Avropa Liqasında vəziyyətiniz bir qədər çətinləşdi, nəyə ümidlisiz?
-Təbii ki, nəticələrimizə ürək açan deyil. Amma hələ heç nə bitməyib. Qarşıda oyunlarımız var. Hər görüşə final matçı kimi çıxacaq, döyüşəcək və yaxşı nəticə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümidimizi itirməmişik.
-Çempionatda əzəli rəqibiniz “Neftçi”ni darmadağın etdiz, kubokun 1/8 mərhələsində isə I liqanın aşkar lideri “Qəbələ”ni sıradan çıxardız. Ardıcıl iki qələbə haqqında nə deyərdin?
-Özümüzü matçlara mental və fiziki olaraq yaxşı hazırlamışdıq. Rəqiblərimiz də yetəri qədər güclü idi. Həm Samir Abasov “Neftçi”də yaxşı mühit formalaşdırıb, həm də Kaxaber Tsxadadze “Qəbələ”də döyüşkən heyət formalaşdırıb. Maraqlı oyunlar keçirdik və lazımlı qələbələr qazandıq.
-İrəlidə avrokubok, Premyer Liqa və ölkə kubokunda ağır oyunlar gəlir, üç cəbhədə mübarizə çətinlik yaratmır?
-Belə sıx qrafiklə oynamağı öyrənmişik. Nə qədər çətin olsa da, işimizi maksimum görməli və bizə lazım olan nəticələri qazanmalıyıq. Hər 3 cəbhədə eyni motivasiya ilə hazırlaşır və maksimum performans sərgiləməyə köklənmişik.
ABDULLA İSMAYILOĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay